FHN-in qurumları arasında keçirilmiş şahmat çempionatında nazirliyin yüzədək əməkdaş iştirak edib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 21-25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat çempionatı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil olunan çempionatda 22 komandanın heyətində 100-ə yaxın əməkdaş iştirak edib.
Beynəlxalq dərəcəli baş hakim Nurəli Məmmədzadə tərəfindən idarə olunan turnirdə komanda hesabında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olub. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, üçüncü yerə isə FHN-in Akademiyasının komandası layiq görülüb.
Şəxsi yarışlarda Vüqar Cəbiyev (Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi) birinci, Soltan Əzimov (Mülki Müdafiə Qoşunları) ikinci, Ramil Nəcəfov (Qarabağ Regional Mərkəzi) isə üçüncü yeri tutublar.
Tədbirdə çıxış edən FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Azərbaycanda idmana yüksək dövlət qayğısından danışıb. Bildirib ki, hələ ötən əsrin 60-cı illərindən şahmat ölkəmizdə kütləviləşməyə başlayıb. Bu idman növü həm gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir.
FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov idman yarışlarının təşkilinin sağlam gənc nəslin formalaşmasında və onların vətənpərvərlik ruhunda tərbiyəsindəki əhəmiyyətindən danışıb. Qeyd edib ki, hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət sayəsində ölkəmizdə güclü şahmat məktəbi yaradılıb, idmanın bu növü respublikamızda yüksək səviyyəyə qalxıb. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.