Flippin: fırtına qurbanlarının sayı 30 nəfəri ötüb, 50-dək insan itkin düşüb VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Flippində fırtınanın doğurduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 49 nəfər itkin düşmüş sayılır. Ölü sayının artacağı istisna olunmur.
AZƏRTAC xəbər verir ki, “Philippine Star” nəşrinin yaydığı məlumata görə, fırtınanın təsirinə 270 mindən çox insan məruz qalıb. Ölkədə 44 min nəfər üçün nəzərdə tutulan 608 təxliyə məntəqəsi açılıb.
Çimərlik istirahəti ilə məşhur Borakay adasında 1200 turist təcrid olunmuş vəziyyətdə qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, ada ərazisinin 90 faizini su basıb. Bu səbəbdən Borakay aeroportunda bütün uçuşlar dayandırılıb. Arxipelaqda bir çox bərə reysləri də ləğv olunub, turist qayıqlarının dənizə çıxması qadağan olunub. Bu da çoxsaylı adalar arasında hərəkəti çətinləşdirir.
Bu gün ölkə prezidenti Rodrigo Dutertenin təbii fəlakətdən zərər çəkmiş rayonlara gedəcəyi bildirilir.
Cənub-Şərqi Asiyada yerləşən Filippin arxipelaqı 7,5 min adadan ibarətdir və onların yalnız 2 minində insan yaşayır.