Folklorşünas alimlər Özbəkistanda beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 11 may, AZƏRTAC
Özbəkistanın Gülüstan şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Müasir baxşı sənəti: qızıl irsin yeni nəğmələri” mövzusunda III beynəlxalq elmi konfrans və “Baxşı incəsənət festivalı” keçirilib. Müxtəlif ölkələrdən 300-dən artıq alim və sənətçinin qatıldığı tədbirlərdə AMEA-nın Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Aynur İbrahimova və İlhamə Qəsəbova da iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Muxtar İmanov konfransın açılışında çıxış edərək bu kimi tədbirlərin türk xalqlarının elmi-mədəni əlaqələrinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanılmasında əhəmiyyətindən, eləcə də baxşı sənətinin fenomen hadisə kimi ümumtürk mədəniyyətinin inkişafında xüsusi rolundan bəhs edib.
Konfransın bölmə iclaslarında isə Muxtar İmanov “Eposda qeyri-səlis məntiq: yuxarı və aşağı sərhədinin pozulması” mövzusunda məruzə ilə çıxış edib. Folklorşünas alimlər Aynur İbrahimovanın “Koroğlu” dastanının Azərbaycan və özbək versiyalarının müqayisəli tədqiqi”, İlhamə Qəsəbovanın isə “Ozan-aşıq-baxşı sənətinin performativ xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.