FOTOSƏNƏDLƏR MACARLARI QARA YANVAR HADİSƏLƏRİ VƏ XOCALI FACİƏSİ İLƏ TANIŞ ETMİŞDİR
Matəm mərasimini mərkəzin direktoru Marşi Laslo açmışdır. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov o faciəli günlərdə baş vermiş hadisələrdən danışmışdır.
Sənədli fotoşəkillər sovet totalitar sisteminin, erməni terrorçularının və onların xaricdəki havadarlarının Azərbaycan əhalisinə qarşı törətdikləri vəhşiliklərdən xəbər verir. Fotostenddə 1990-cı il yanvarın 20-də sovet qoşunlarının basqını zamanı yüzlərlə həlak olanları, Bakı küçələrində tankları, müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqın vəhşicəsinə qırılmasını əks etdirən şəkillər nümayiş etdirilirdi.
Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıların keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı atıcı alayının köməyi ilə Xocalı şəhərinə soxulmasından bəhs edən fotoşəkillər də var idi. Vəhşicəsinə qətlə yetirilmiş uşaqların, qadırların, qocaların fotoşəkilləri heç kimi biganə qoymamışdır.
Macarıstanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən ABŞ, Finlandiya, Türkiyə, İtaliya, Livan, Səudiyyə Ərəbistanı, İran, Qətər və digər ölkələrin səfirliklərinin nümayəndələri sərgi ilə tanış olmuşlar. İştirakçılar arasında macarıstan siyasi rəhbərliyinin, ictimaiyyətinin nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri, Macarıstan ali məktəblərində təhsil alan həmyerlilərimiz də var idi.
Tədbirdə iştirak edənlərin çoxu Xatirə kitabında qeydlər etmişdir. Finlandiya səfiri Pekka Kuyasalo yazmışdır: “Bu dəhşətli cinayətin qurbanlarının ailələrinə başsağlığı verirəm”. Türkiyə səfiri Umur Apaydının qeydlərində isə deyilir: “Türkiyə xalqı və hökuməti adından qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.
Səfirliyimiz hər iki faciə ilə bağlı mətbuat üçün məlumatlar hazırlayıb yaymışdır.