Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonu 279 saylı tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki rayonu Cəfərabad kənd və Göybulaq kənd ümumi orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Bakı Qida və Yağ Fabriki” MMC-də və Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayonu Şəmsəbad kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.