Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
Bakı, 1 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Lənkəran şəhərində regional seminar-müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.
Tədbirdə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, meşə mühafizəsi və bərpası müəssisələrinin, fermer təsərrüfatlarının nümayəndələri iştirak edib.