MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında Osman Hacıbəyovun xatirəsi anılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan milli teatr tariximizdə elə sənətkarlar olub ki, onlar işlədikləri dövrlərdən, teatrlardan, yaradıcılıq fəaliyyətinin az və ya çox zaman çərçivəsindən asılı olmayaraq öz imzalarını Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazmağı bacarıblar.

Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirəsi anılan Əməkdar Artist Osman Hacıbəyov da məhz belə sənətkarlardan idi.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov Osman Hacıbəyovun həyat və fəaliyyətindən, teatr tariximizə töhfələrindən geniş söhbət açıb.

İlk gənclik illərində Osman Hacıbəyovla görüşməyin, eyni tamaşada birgə iştirak etməyin özünə də nəsib olduğunu deyən Mübariz Həmidov böyük sənətkarın digər aktyorlardan fərqli olaraq gözəl müşahidə qabiliyyəti olduğunu xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, Osman Hacıbəyova bu və ya digər rol həvalə olunanda o, maraqlı xarakterlər, tipajlar axtarıb tapmağı bacarırdı. Bəzən elə olurdu ki, küçədə bir maraqlı insan görəndə onu yaxşı mənada izləyir, onun hərəkətlərini, yerişini, dayanmağını kənardan müşahidə edir və həmin cizgiləri səhnədə yaratdığı obraza əlavə edərək maraqlı xarakter yaradırdı.

Bildirilib ki, Osman Hacıbəyov yaradıcılığının çiçəklənmə dövründə - 55 yaşında dünyasını dəyişsə də, teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. O, El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Skapen (“Skapenin kələkləri”), Şahbaz bəy (“Müsyö Jordan və dərviş Məstəli şah”), Qəmküsar (“Yarımçıq Şəkü”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”), Fərhad (“Bəxtsiz cavan”), İsgəndər xan (“Ağa Kərim xan Ərdəbili”), Florindo Aritun (“İki ağanın bir nökəri”), Şamdan bəy (“Şamdan bəy”), Şirinbala (“Şirinbala bal yığır”), Tarverdi (“Xırs quldurbasan”), Polkovnik Ferrari (“Ovod”) və başqa rolları ilə tamaşaçıların yaddaşında əbədi qalıb.

Mərasimdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, xalq artistlərindən Tariyel Qasımov, Ağaxan Salmanov, Yasin Qarayev, əməkdar artistlərdən Almaz Mustafayeva, Lətifə Əliyeva, Şəfəq Əliyeva, aktrisa Sona Babayeva və başqaları Osman Hacıbəyovun milli teatrımıza töhfələrindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.

Qeyd olunub ki, böyük bir nəslin – Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan Hacıbəyov həm də təvazökar, xeyirxah, mehriban insan idi. O, bütün obrazları, o cümlədən tragik, komik, lirik rolları eyni dərəcədə yüksək səviyyədə ifa edib.

Sonra unudulmaz səhnə ustasının xatirəsinə ithaf olunmuş dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.