Fransada balıqçıların etirazı yenidən alovlanıb, neft terminalı blokadaya alınıb VİDEO
Paris, 17 sentyabr, AZƏRTAC
Fransada yanacağın bahalaşmasına və balıqçılıq sektorunda artan xərclərə etiraz edən balıqçılar Frontinyandakı neft terminalını yenidən blokadaya alıblar.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Erol departamentində yerləşən terminalın giriş-çıxışları 150–200 balıqçı tərəfindən bağlanıb. Təxminən 30 balıqçı qayığı isə Set limanına girişi əngəlləyib.
Etiraz dəniz və balıqçılıq naziri Ketrin Şabo ilə balıqçıların nümayəndələri arasında keçirilməsi planlaşdırılan görüşdən bir neçə saat əvvəl başlayıb. Terminalın yaxınlığında taxta paletlərin yandırıldığı, əraziyə polis qüvvələrinin göndərildiyi bildirilir.
Hökumətin yanacaq subsidiyasının artırılması barədə açıqlamalarına baxmayaraq, balıqçılar etirazlarını davam etdirirlər. Yeni tədbir çərçivəsində yanacağa yardımın1 litrə görə 25 sentdən 35 sentə qaldırılması və dekabr ayına qədər uzadılması nəzərdə tutulur. Lakin balıqçılar bu addımı yetərli hesab etmirlər. Onlar yanacaq xərclərinin və digər istehsal məsrəflərinin artması fonunda daha uzunmüddətli və sabit tədbirlər tələb edirlər. Etirazçılar bildiriblər ki, yanacağın qiymətinin dekabra qədər yenidən artacağı təqdirdə, mövcud yardım kifayət etməyə bilər.
Balıqçılar, xüsusilə dizel yanacağının qiymətinin 1 litri üçün 90 sent müəyyənləşdirilməsini istəyirlər. Onların tələbləri yalnız yanacaqla məhdudlaşmır. Sektor nümayəndələri balıqçılıq qaydalarının, kvotaların və dəniz ehtiyatlarının idarəolunmasının da yenidən nəzərdən keçirilməsini tələb edirlər.
Etirazçılar Aralıq dənizində balıqçılıqla bağlı “WestMed” planına, ilanbalığına və mavi üzgəcli tuna balığına dair qaydalara da diqqət çəkirlər. Onların fikrincə, çoxsaylı qaydalar, məhdudiyyətlər və inzibati yük sektorun çətin olan iqtisadi vəziyyətini daha da ağırlaşdırır.
Qeyd edək ki, sentyabrın 14-də Set və Port-Vendresdə başlayan etiraz aksiyaları Aralıq dənizi sahillərindəki bir sıra neft terminallarına və limanlara da yayılıb.