Fransızların 62 faizi təcrid olma rejimindən çıxmaqdan razıdır
Paris, 14 may, AZƏRTAC
Fransızların 62 faizi təcrid olma rejimindən çıxmaqdan razıdır.
AZƏRTAC xəbər verir ki, BFM TV-nin sifarişi ilə “Elabe” sosial sorğu şirkətinin apardığı sosial sorğunun nəticəsinə görə fransızlar təcrid olma rejiminin başa çatmasından razıdırlar.
Ancaq bununla belə 63 faiz respondent təcrid olma rejiminin bitməsi və məhdudiyyətlərin hissəvi olaraq aradan qaldırılmasından narahat olduqlarını da bildiriblər. Ötən həftə ilə (67 faiz) müqayisədə bu həftə daha optimist olublar. İnsanlar yeni koronavirusla bağlı çox narahat olduqlarını bildiriblər. Fransızların 78 faizi virusun ölkədə yenidən yayılmasından narahat olduğunu, 55 faiz isə çox narahat olduğunu bildirib. Yalnız 3 faiz fransız heç narahat olmadığını ifadə edib.
Hər 10 fransızdan 7-si fikirləşir ki, qarşıdan gələn həftə və ya ayda Fransa COVID-19 virusunun 2-ci dalğasına məruz qalacaq.
Respondentlərdən 62 faizi Prezident Emmanuel Makrona və Baş Nazir Eduard Filipə etibar etmədiklərini qeyd edib.
Hər 10 fransızdan 7-si düşünür ki, maska taxmaqla virusa yoluxmaqdan yayınmaq olar. Hər iki valideyndən biri (56 faiz) uşağını məktəbə buraxmayacağını bildirib.
Qeyd edək ki, “Elabe” şirkəti sorğunu mayın 12 və 13-də 18 yaşdan yuxarı 1000 nəfər arasında aparıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris