FRANSUA QRANYE: AZƏRBAYCAN VARLI VƏ GÖZƏL ÖLKƏDİR
Sentyabrın 1-4-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin təşkilatçılığı ilə Bakıda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilmişdir. Həmin iclasda 1944-cü ildə yaradılmış və dünyanın ən nüfuzlu xəbər agentliklərindən sayılan, əsası 1835-ci ildə qoyulmuş Qavas agentliyinin varisi olan Frans Press agentliyinin Xarici əlaqələr departamentinin direktoru Fransua Qranye də iştirak etmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri Parisdə F.Qranye ilə görüşərək, Azərbaycana səfəri ilə bağlı təəssüratını bölüşməyi xahiş etmişdir. O demişdir:
-Mən ilk dəfə idi ki, Azərbaycana səfər edirdim. Bu səfərə qədər Azərbaycan barədə ətraflı məlumatım yox idi.
Bakıya dördgünlük səfərim qədim tarixə, mədəniyyətə və incəsənətə malik Odlar yurdu haqqında təsəvvürümü zənginləşdirdi. Buna görə fürsətdən istifadə edərək, məni belə varlı və gözəl diyara dəvət etdiyi üçün ilk növbədə, AZƏRTAC-ın çoxdan tanıdığım baş direktoru Aslan Aslanova təşəkkürümü bildirirəm.
AZƏRTAC iclasın keçirilməsi üçün yüksək təşkilatçılıq işi görmüşdü. Qonaqlara xarici dillərdə sərbəst danışan tərcüməçilər ayrılmış, Azərbaycan barədə ətraflı məlumat əldə etmələri üçün yaxşı şərait yaradılmışdı. Bu imkandan istifadə edib, paytaxtınızla yaxından tanış oldum.
Bakıda ən əvvəl diqqətimi nəhəng tikintilər cəlb etdi. Bu qədim şəhər tikinti meydançasını xatırladırdı. Şəhər oz simasını dəyişmək yolunu tutmuşdur. Hündür və alçaq, qədim və müasir binalar Bakıya xüsusi gözəllik verir. Gördüyüm bu mənzərə ölkənizin varlı olmasından, xüsusilə zəngin neft ehtiyatından xəbər verir. Bəli, Azərbaycan özünəməxsus dinamik inkişafdadır. Avropa və Şərq mədəniyyətlərinin qovuşduğu Bakı dünyanın gözəl şəhərlərindən biri kimi təsəvvürümdə silinməz iz qoydu. Xalqınızın tarixinin bir səhifəsi olan nadir İçərişəhəri gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır.
Səfər çərçivəsində klassik üslubda tikilmiş gözəl binada yerləşən AZƏRTAC-ın fəaliyyəti ilə yaxından tanış oldum. Öyrəndim ki, Aslan Aslanov baş direktor təyin edildikdən sonra agentlikdə əsaslı dəyişikliklər aparmış, fasiləsiz iş rejiminə keçilmiş, xarici xəbərlərə geniş yer verilmiş, materialların keyfiyyət və kəmiyyətinə tələbkarlıq artmış, operativlik xeyli yaxşılaşmışdır. Bu gün AZƏRTAC mühüm regional qurumların üzvüdür, bir çox agentliklərlə sıx əlaqə qurub və bu iş uğurla davam etdirilir.
Bununla belə, artıq dünyada hegemon dilə çevrilmiş ingilis dilində xəbərlərin yayılması genişləndirilməlidir. Heç kimə sirr deyil ki, hazırda agentliklər arasında xəbərlər mübadiləsi ancaq bu dil vasitəsilə aparılır. Ona görə ingilis dilində xəbərlərin daha çox yayılmasına nail olmaq lazımdır.
AZƏRTAC Avropa agentlikləri ilə də əlaqələri genişləndirməlidir. Bizim agentliyimiz də AZƏRTAC-la əməkdaşlıqda maraqlıdır. Sizin əməkdaşların təcrübə keçmələri üçün bizdə böyük imkanlar vardır. Sadəcə olaraq, ikitərəfli əməkdaşlıq barədə razılığa gəlmək lazımdır. Biz AZƏRTAC-a hərtərəfli kömək göstərməyə hazırıq.
Səfərimiz zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev iclas iştirakçılarını qəbul etdi. Prezidentin ingilis dilində çox gözəl danışması, Azərbaycanın gələcəyi barədə söylədiyi fikirlər məndə xoş təəssürat yaratdı. Cənab İlham Əliyevin söhbətindən başa düşdüm ki, bir Prezident kimi ölkənin simasını tamamilə dəyişmək, xalqa işıqlı bir gələcək bəxş etmək istəyir. Prezident İlham Əliyevin inamlı danışığından məndə belə bir əminlik hissi yarandı ki, yaxın zamanlarda Azərbaycan inkişaf etmiş dövlətlər cərgəsində layiqli yer tutacaqdır.
Səfər çərçivəsində Bakının nisbətən yaxınlığındakı Xızı rayonunda olduq. Mənə bildirdilər ki, son illərdə regionların inkişafı sahəsində görülən tədbirlər nəticəsində Xızıda da həyat canlanmışdır. Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən bu səfalı güşə öz simasını getdikcə dəyişir. Bütün bunları görərkən Prezident İlham Əliyevlə görüş zamanı ölkənin gələcəyi barədə söylədiyi fikirləri bir daha xatırladım.
Son olaraq bir məqamı vurğulamaq istəyirəm. Vəzifəmlə bağlı çox ölkələrdə olmuşam. Etiraf etməliyəm ki, Azərbaycandakı kimi qonaqpərvərliyə, mehribanlığa və səmimiliyə heç yerdə rast gəlməmişəm. Görünür, bu xüsusiyyətlər xalqınızın tarixi adət-ənənəsindən və yüksək mədəniyyətindən irəli gəlir.