Füzuli rayonunda məktəblilərin əl işlərindən ibarət “Zəfər Günü” adlı sərgi açılıb
Füzuli, 5 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Növbəti tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb.
Sonra məktəblilərin əl işlərindən ibarət “Zəfər Günü” adlı sərgiyə baxış keçirilib, Vətən müharibəsi şəhidlərinin fotolarından təşkil edilmiş guşələrlə tanışlıq olub.
Daha sonra Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.
Füzuli rayon 26 saylı tam orta məktəbin şagirdlərinin “Zəfər yolları” adlı kompozisiyası da maraqla qarşılanıb.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.