Füzulidə bu günədək 16 min 872 ton taxıl tədarük edilib
Füzuli, 11 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci təsərrüfat ili üçün rayon ərazisində 37 min 575 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 28 min 778 hektarı buğda, 8647 hektarı isə arpadır.
Hazırda rayonda taxıl biçini uğurla davam edir. Taxıl biçini kampaniyasına 50-dan artıq kombayn cəlb olunub. İlk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilir. Bu günədək 4790 hektar arpa, 709 hektar buğda zəmisində biçin aparılıb, 16 min 872 ton məhsul tədarük edilib. Hektarın orta məhsuldarlığı buğda zəmilərində 32,3 sentner, arpa sahələrində isə 30,5 sentnerdir. Mütəxəssislər əvvəlki illərdə olduğu kimi, bu il də rayonda 100 min tondan çox taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Artıq 10 ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.