Füzulidə şəhid Məhəmmədəli İsmayıllının xatirəsi anılıb
Füzuli, 27 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Məhəmmədli İsmayıllının anım günündə məzarı ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidin şərəfli həyatından və döyüş yolundan söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
İsmayıllı Məhəmmədəli Elxan oğlu 1996-cı ildə Füzuli rayonu Kürdmahmudlu kəndində anadan olub. Yeniyetmə və gənc çağlarında karate idman növü ilə məşğul olub və bir çox uğurlar qazanıb. Məhəmmədəli 2013-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Vətənin keşiyində dayanıb.
Vətən müharibəsində iştirak edən Məhəmmədəli İsmayıllı oktyabrın 26-da Füzuli şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmmədəli İsmayıllı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.