Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub
Füzuli, 10 may, AZƏRTAC
Füzuli şəhəri 1 nömrəli Mirzə Uluqbəy adına tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini və çoxşaxəli fəaliyyətini əks etdirən “İz” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də digər idarə və müəssisələrin nümayəndələri, şəhər sakinləri və ictimaiyyət üzvləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi ölkənin müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, ölkənin iqtisadi inkişafının əsası qoyulub, ordu quruculuğu və milli dövlətçilik ənənələri gücləndirilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu baxımdan Füzulidə aparılan yenidənqurma layihələri, yeni yaşayış məhəllələrinin və sosial obyektlərin inşası məhz həmin siyasətin nəticəsidir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.
Müxbir-Aydın Yavərzadə