Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO
Qəbələ 30 may, AZƏRTAC
Dünən axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Bu zaman Qəbələ rayonu ərazisində güclü küləklə müşayiət olunan leysan yağıb, dolu düşüb. Təbii fəlakət nəticəsində rayon ərazisində çox sayda ağacları külək aşırıb, evlərə və yardımçı tikililərə zərər vurub.
AZƏRTAC-ın bölgə müxbiri Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, leysan yağışları və küləkli hava Qəbələ və kəndlərdə bır sıra ciddi fəsadlar törədib. Güclü külək və yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti Qəbələ şəhərində, eləcə də Vəndam qəsəbəsi, Nohurqışlaq, Girvə, Zarağan və Aydınqışlaq kəndlərində dağıntı və ziyana səbəb olub. Anidən başlayan külək ağacların yıxılmasına, elektrik naqillərinin qırılmasına səbəb olub, şəhərdə və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək Qaradok (keçmiş hərbi şəhərcik-red) adlanan ərazidə 20-dən artıq ağacın aşmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Nohurqışlaq kəndində yerləşən istirahət mərkəzinə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Nəticədə evlərin və yardımçı tikililərin dam örtüyü tamamilə yararsız hala düşüb.
Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı ilə hazırda rayonun yerli icra və bələdiyyə orqanlarının, habelə əksər idarə və təşkilatlarının canlı qüvvəsi, maşın və texnikaları təbii fəlakətin aradan qaldırılması istiqamətində iş aparır. Komissiyadan bildirilib ki, rayonda elektrik enerjisinin verilməsi 80 faiz təmin olunub. Qalan digər ərazilərə elektrik enerjisinin verilməsi istiqamətində işlər davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hazırda şəhər ərazisinə, həmçinin qəsəbə və kəndlərdə ziyan dəymiş hər bir təsərrüfata baxış keçirir, qiymətləndirmə aparırlar.
Müxbir - Rasim İslamoğlu