Gələn il portuqal dili 32 ölkədə tədris dili olacaq
Lissabon, 24 iyul, AZƏRTAC
Portuqaliyanın Xarici İşlər naziri Avqusto Santos Silva xarici ölkələrdə Portuqaliya tədris şəbəkəsinin dördüncü yığıncağında bildirib ki, Portuqaliya dilinin geniş yayılması üzrə səylər çərçivəsində gələn tədris ilində bu dil dünyanın 32 ölkəsinin məktəb proqramına daxil ediləcək.
AZƏRTAC xəbər verir ki, hazırda bu şəbəkə portuqal dili müəllimlərini, bu dildə oxuyanları və xarici ölkələrdə portuqal dili tədrisini əlaqələndirənləri birləşdirir.
Kamoens İnstitutunun prezidenti Luis Faro Ramos bildirib ki, portuqal dilinin Əlcəzairdə və Türkiyədə orta təhsil sisteminə inteqrasiyası pilot layihəsi mərhələsindədir.
Kuba da portuqal dilinin ümumi tədris proqramına daxil edilməsində maraqlı olduğunu bildirib.
2018-ci ilin sentyabr ayında Portuqaliya hökuməti dünyanın 40 ölkəsində baza təhsili və orta təhsil səviyyəsində portuqal dilinin inteqrasiyasını özünün “qısamüddətli hədəfi” kimi qarşıya qoyub.
Xarici ölkələrdə portuqal dilinin öyrənilməsi və təbliği Portuqaliya hökumətinin rəhbərliyi ilə portuqal icmaları üçün təşkil edilmiş, hazırda 70.000-dən çox dinləyicisi olan kurslar şəbəkəsinə əsaslanır. Bu kurslar portuqaldilli ölkələrdə bir sıra məktəblərdə və Portuqaliya təhsil sisteminin inteqrasiyasında mühüm rol oynayacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon