İQTİSADİYYAT
Gələn ildən vergiödəyiciləri daha hansı məlumatları vergi orqanına verə bilərlər?
Bakı, 28 dekabr, AZƏRTAC
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər parlamentdə III oxunuşda qəbul edilib. Artıq mütəxəssislər yeniliklərin detallarını açıqlayırlar.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevin sözlərinə görə, Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dənən təklif olunan dəyişikliklər qüvvəyə minərsə vergiödəyiciləri vergi orqanına bu məlumatları da təqdim edəcəklər: “İstehsal olunacaq hazır məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin hesabat dövründə həmin normalara dəyişikliklərlə bağlı dəqiqləşdirilmiş məlumatlar (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), idxal ediləcək malların saxlanılacağı (boşaldılacağı) yer barədə, yaxud həmin malların saxlanma yeri barədə, yaxud həmin malları sifariş verən şəxslər barədə və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə, kreditor və debitor borcları barədə (mənfəət, gəlir vergisinin ödəyiciləri), bank ödəniş tapşırıqlarında elektron qaimə-fakturanın seriya və nömrəsi, yaxud müntəzəm alışlar üzrə bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı (invoys) sənədinin tarixi və nömrəsi, yaxud borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, yaxud avans ödənişin olduğu göstərilməklə tələbnamənin, müqavilə və ya əlavənin tarixi və nömrəsi və orta və iri sahibkarlıq subyektləri mühasibat standartları üzrə hazırlanan maliyyə hesabatları (vergi orqanının tələbi ilə)”.
M.Babayev əlavə edib ki, əslində bütün sadalanan məlumatlar mühasiblər tərəfindən hazırlanır və ya əldə olunur. Artıq onlar bu məlumatların verilməsini təmin etmək üçün həmin məlumatları əsaslandıran əməliyyatların uçotunu düzgün, dürüst və vaxtında aparmalıdırlar: “Həmçinin bilməlidirlər ki, əvvəlcədən təqdim olunan bu məlumatlardakı göstəricilər sonradan təqdim olunan mənfəət (gəlir) bəyannamələrinin 1 nömrəli Əlavəsinin göstəriciləri ilə uyğunlaşdırılmaqla vergi orqanı tərəfindən kameral yoxlamalar aparılacaq. Başqa sözlə, uyğunsuzluqların düzgün əsaslandırılması üçün vergi orqanının məlumat bazası genişləndirilir. Ona görə də mühasiblər tərəfindən rəhbər və icraçı menecerlərə daha məsuliyyətli olmaları və mühasiblərin özlərinin də məsuliyyətinin artacağı barədə xəbərdarlıq etmələri tövsiyə olunur”.