Gənc ailələr güzəştli şərtlərlə mənzil tələbatını qarşılaya biləcək
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi siyasət və qüvvəyə minən qərarlar aztəminatlı və gənc ailələrin sosial təminatının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün effektli rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, Azərbaycan xalqının sosial rifahı və təminatı daima dövlət başçısının fəaliyyətində əsas hədəf nöqtələrindən biri kimi qalmaqdadır. Vətəndaşlar olaraq buna həm pandemiya dövründə görülən işlər və həyata keçirilən dəstək məqsədli dövlət layihələrində, həm də pandemiyadan öncə aztəminatlı ailələrin sosial təminatı ilə bağlı yaradılan imkanlarda gördü. Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun təklif etdiyi imkanlar da gənc ailələrə sərfəli şərtlərdən yararlanaraq mənzil təminatını ödəməyə şərait yaradır.
Onun sözlərinə görə, MDB ölkələri arasında ən əlverişli şərtlərlə vətəndaşlara xidmət göstərən bu fond, ümumilikdə, Qafqaz regionunda bu istiqamətdə ilk ipoteka bazarıdır. Fond tərəfindən təklif edilən ipoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir. Beləliklə, borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır. Bu, özlüyündə xarici valyutanın daim dəyişən məzənnəsi qarşısında yerli valyuta ilə ipoteka kreditindən yararlanmaq üçün ən əlverişli fürsətdir. Həmçinin fondun minimal faiz dərəcəsi 3,7 faizdən başlayır, orta faiz dərəcəsi isə 6,4 faiz təşkil edir. Müqayisə üçün, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 8,9 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır. Fondun fəaliyyəti dövründə 29 minə yaxın ailə mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka krediti əldə edilməsinə nail olunub ki, bunun da 71 faizi gənc ailələr təşkil edir. Bu rəqəm çox böyük göstəricidir. Həm də bu rəqəm ölkə rəhbərliyi tərəfindən gənc ailələrin böyük hissəsinin sosial təminatının təşkil edilmiş olduğunun göstəricisidir. Həmçinin operativ və şəffaf xidmətin təmin edilməsi bu sahədə yenilikçi addımları göstərir. İnnovativ imkanların tətbiq edildiyi və müasir təcrübənin olduğu “ASAN xidmət” mərkəzləri ilə vətəndaşların müraciətləri sürətli formada həll edilir. Karantin rejimi dövründə onlayn formada 6 mindən çox vətəndaş artıq fonda müraciət edib və 900-dən çox şəxsin sənədi qəbul edilib. Artıq 88 kirayəçiyə isə mənzillər təhvil verilib.
“Bütün bunlar, sözün əsl mənasında, görülmüş dəstək məqsədli böyük işlərdir. Amma, ümumilikdə, bu məsələlər yalnız “mənzil” anlayışı ilə məhdudlaşmamalıdır. Çünki şəhər tipli yaşayış məntəqələrinin əksinə, kənd və qəsəbələrdə də gənc ailələrin ev problemi mövcuddur. Bu problem həll edilməlidir. Yəni güzəştli ipoteka və müraciət şərtləri ilə evlərin inşası üçün sahələrin vətəndaşlara təklif edilməsi məsələsinin gündəmə gətirilməsini və bu sahədə də qanun layihəsinin hazırlanmasını uyğun hesab edirəm”, - deyə Ş.Seyidzadə vurğulayıb.