MƏDƏNİYYƏT
Gənc bəstəkarların əsərləri maraqla qarşılanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirilib.
AZƏRTAC məlumatına görə, tədbirdə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək vurğulayıb ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir.
Gənc bəstəkarların uğurlarının sevindirici hal olduğunu qeyd edən F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib.
Bildirib ki, üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. “Plenumun ilk günü səkkiz gənc bəstəkarın əsərləri ifa olunacaq. Bu əsərlərin əksəriyyəti ifa olunmayıb. Ümumilikdə, plenum çərçivəsində 15 gənc bəstəkarın əsərləri səslənəcək. Bu, bəstəkarların özlərinin seçdiyi əsərlərdir. Ümid edirik ki, gələcəkdə onlar Azərbaycan musiqisini müxtəlif ölkələrdə uğurla təbliğ edəcəklər”, - deyə İttifaqın sədri bildirib.
Sonra İttifaqa yeni üzv seçilmiş gənc bəstəkarlara biletlər təqdim olunub.
Konsertdə gənc bəstəkarlar Sevinc Kazımova, Ayaz Qəmbərli, Gülmira Qəhrəmanova, Azər Hacıəsgərli, Əli Geranmehr, Tahir İbişov, Həmid Sultanov və Vəfa Bağırzadənin əsərləri səsləndirilib.
Qeyd edək ki, plenum çərçivəsində həyata keçən tədbirlər noyabrın 30-dək davam edəcək.