Gənc energetiklərin II Beynəlxalq Peşə Ustalığı yarışması Tatarıstanda keçiriləcək
Hadrut, 19 oktyabr, AZƏRTAC
Türkdilli dövlətlərin gənc energetiklərinin II Beynəlxalq Peşə Ustalığı Yarışması gələn il Rusiya Federasiyasının Tatarıstan Respublikasında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev Hadrutda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda Birinci Beynəlxalq Peşə Ustalığı Yarışmasında jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edib ki, yarışmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi simvolik məna daşıyır. Əsas məqsəd qonaqları bu ərazilərlə yaxından tanış etməkdir: “Türkdilli ölkələrin energetiklərinin işğaldan azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişığ”ın gördüyü böyük işlər, xüsusilə innovativ həllərə dair tətbiq edilən yeniliklər, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir. Bu qardaş ölkələr üçün təcrübədi, eyni zamanda, qarşılıqlı fikir mübadiləsi aparmaq, türkdilli ölkələrin energetikləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından çox vacib bir addımdır. Bizim müraciətimizi dəstəklədikləri üçün qardaş ölkələrə təşəkkürümüzü bildiririk. Yarışda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının komandaları iştirak edir. Komandalar bu gün yarışda enerji sistemində müxtəlif qəzaların aradan qaldırılması prosesini sərgiləyəcəklər”, - deyə idarə rəisi əlavə edib.