GƏNC KARİKATURAÇILARIN “ANTİNARKOTİZM” MÖVZUSUNDA RESPUBLİKA SƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Azərbaycan Gənclərinin IV Forumu ərəfəsində reallaşan tədbirdə əsərlərin qiymətləndirilməsi üçün Təşkilat Komitəsi və 5 nəfər mütəxəssisdən ibarət münsiflər heyəti yaradılmışdır. Komitə Naxçıvan Muxtar Respublikasından və ölkəmizin digər şəhər və rayonlarından 16-35 yaş arasında 130 nəfərə yaxın gənc karikaturaçının müsabiqəyə göndərdikləri 200–dən artıq karikaturadan 130-nu seçib sərgidə tamaşaçılara təqdim etmişdir.
Sərgi-müsabiqənin final mərhələsinin açılış mərasimində Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Cənubi Qafqazda Narkotiklərə nəzarət (SCAD) Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev çıxış etmişlər.
Narkomanlığın fəsadları haqqında təsəvvürlərin formalaşmasında, gənc rəssamların bu problemə münasibətlərini öyrənməkdə, onların yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsinə şərait yaradılmasında, karikatura janrındakı əsərlərdən təbliğat işində istifadə olunmasında sərgi-müsabiqənin əhəmiyyətinin xüsusi vurğulandığı mərasimdə bildirilmişdir ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə elliklə mübarizədə ardıcıl tədbirlər həyata keçirilir.
Sonda müsabiqə qaliblərinin adları elan edilmişdir. Heyran İmanova (Hacıqabul) birinci, Yaşar Babayev (Nərimanov rayonu) ikinci, Fəridə Nəbiyeva (Zərdab) üçüncü mükafata layiq görülmüşlər. Qaliblərə pul mükafatları təqdim edilmişdir.
Beş nəfər isə SCAD-ın təsis etdiyi mükafata sahib olmuşdur.