Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” tamaşası təqdim olunub
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” adlı tamaşa nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri “British Council Azərbaycan”, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.
Tamaşada forum-teatr texnikasından istifadə edilib. Bu tamaşa fiziki imkanları məhdud olan və sağlam insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir. Pyes teatrı sosial dəyişiklik üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daim yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulub.
Tamaşada rolları Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələri ifa ediblər.