GƏNC ZABİTLƏR CİNAYƏTKARLIQLA MÜBARİZƏDƏ QƏTİYYƏTLİ VƏ BARIŞMAZ OLACAQLAR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin kadrların düzgün seçilib yerləşdirilməsini və bu sahədə şəffaflıq, aşkarlıq və ədalət prinsiplərinin təmin olunmasını Daxili İşlər Nazirliyinin rəhbərliyi qarşısında həmişə bir vəzifə, tələb kimi qoyduğunu, dövlətimizin başçısının məlum tələb və tövsiyələrinin hər zaman yüksək səviyyədə, layiqincə yerinə yetirildiyini vurğulamışdır.
Ramil Usubov tədbirdə Polis Akademiyasını müxtəlif illərdə bitirmiş 90 əməkdaşın iştirak etdiyini diqqətə çatdırmış, onların yalnız aşkarlıq və şəffaflıq şəraitində, təklif olunan zabit yerlərinə razılıq verəcəkləri halda təyin olunacaqlarını bildirmişdir.
Son illər Daxili İşlər Nazirliyində həyata keçirilən məqsədyönlü və ardıcıl kadr siyasəti nəticəsində ali hüquq təhsilli sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların nazirliyə dəvət edilərək, zabit vəzifələrinə irəli çəkilməsi artıq ənənəyə çevrilmişdir. Son on il ərzində 1210 nəfər, o cümlədən 651 ali hüquq təhsilli sıravi əməkdaş xidmətdə irəli çəkilmiş və bu iş, dövlət yanğın təhlükəsizliyi xidmətinin əməkdaşları da nəzərə alınmaqla, ümumilikdə, 1428 nəfəri əhatə etmişdir.
Daxili İşlər Nazirliyi Baş kadrlar idarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov boş qalmış ştat vahidlərinin siyahısını elan etmişdir. Uzun müddət DİO-da çalışaraq, ali hüquq təhsili almış əməkdaşlara vakant zabit yerləri təklif olunmuş, onların istək və arzuları nəzərə alınmaqla, 32 əməkdaşın Bakı şəhərinə və respublikanın müxtəlif rayonlarına təyinatı elə yerindəcə həll edilmişdir.
Daxili işlər naziri Ramil Usubov orta rəis heyəti vəzifələrinə təyin olunaraq, ilk zabit rütbələri almış əməkdaşları təbrik etmiş, xidməti fəaliyyətlərində onlara uğurlar, zabit şərəfini hər zaman uca tutmağı arzulamışdır. Nazir kadrların düzgün seçilib yerləşdirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin tələblərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən bundan sonra da dönmədən yerinə yetiriləcəyini vurğulamış, gənc zabitlərin yüksək etimadı doğruldacaqlarına, Azərbaycan xalqına, dövlətçiliyinə və ölkə Prezidentinin siyasətinə daim sadiq qalacaqlarına, cinayətkarlıqla mübarizədə qətiyyətli və barışmaz olacaqlarına əmin olduğunu bildirmişdir.