REGİONLAR
“Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətində istehsal olunan steril tənziflər xarici ölkələrə ixrac olunur
Gəncə, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərinin sənaye potensialının inkişafına öz töhfəsini verən istehsal müəssisələrindən biri də “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətidir. Hələ Sovet hakimiyyəti illərində geniş istehsal imkanlarına malik və yüzlərlə şəhər sakininin işlə təmin olunduğu müəssisə müstəqilliyin ilk illərində itirilmiş vahid iqtisadi əlaqələr səbəbindən dayandırdığı fəaliyyətini 2004-cü ildə yenidən bərpa edib.
“Gəncə Tekstil” ASC-nin Müşahidə Şurasının sədri Qabil Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisədə əsasən tibbi steril olmayan hiqroskopik pambıq, steril və steril olmayan tənzif istehsal edilir.
Steril tənziflərdən tibbi maskalar istehsal olunur. Bu da öz növbəsində pandemiya dövründə maskaya olan tələbatı təmin edir. Habelə, steril tənziflər digər ölkələrə də ixrac olunur.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illərdə yerli istehsala marağın artdığını deyən Qabil Əliyev qeyd edib ki, bundan başqa “Gəncə Tekstil” ASC-də milli dəyərlərimiz olan və ənənəvi üsulla toxunan yun xalçalar da istehsal edilir. Əsasən qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının bərpası tariximizin yaşadılması və gələcək nəsillərə ötürülməsinin təminatıdır. Məhz bu sahənin də inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ayrıca qeyd olunmalıdır.