Gəncədə erməni terroru nəticəsində şəhid olanların xatirəsi anılıb
Gəncə, 17 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket atəşinə məruz qalmasının dördüncü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, 2020-ci il oktyabrın 17-də düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərini növbəti dəfə xaincəsinə atəşə tutub. Nəticədə 15 mülki şəxs həyatını itirib, 55-dən çox insan yaralanıb. Şəhər əhalisi ermənilərin raket hücumlarına baxmayaraq, yüksək iradə və dözümlülük nümayiş etdirib.
Dörd il əvvəl, 5 yaşında erməni terrorunun canlı şahidinə çevrilən, yaşayış evlərinə raket hücumundan sonra qanlar içində olmasına baxmayaraq, gülümsəyən və yaddaşlara o görüntüsü ilə yazılan Bəxtiyar Heydərli həmin gecə qorxmadığını və bu hadisəni unutmayacağını deyib.
Tədbirdə erməni terrorunun nəticələrini əks etdirən çarx nümayiş olunub, şeirlər səsləndirilib.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib.