GƏNCƏDƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Tovuz rayonuna səfərini başa çatdırdıqdan sonra Gəncə şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etdi. Mərasimə toplaşan səhiyyə işçiləri və mərkəzin əməkdaşları Prezidenti səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, qəbul, şüa-diaqnostika, hemodializ şöbələri, konsultativ-diaqnostik poliklinika, inzibati şöbə və konfrans salonu cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri ilə tanış oldu.
Mərkəzdə Almaniya, Türkiyə, Yaponiya Hollandiya və digər ölkələrdən gətirilmiş müasir avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev sonra mərkəzin əməkdaşları ilə görüşüb söhbət etdi. Mərkəzin açılışı münasibətilə onları təbrik edərək, həkimlər üçün gözəl şəraitin yaradıldığını, xəstələrin müalicə və müayinəsi üçün bütün imkanların olduğunu vurğuladı və tibb işçilərinə uğurlar arzuladı.
Həkim Xalidə Sadıqova Gəncədə bu cür müasir diaqnostika mərkəzinin tikilməsinə görə təşəkkür etdi, burada ətraf rayonlardan gələn xəstələrin də müayinə və müalicə olunacağını bildirdi.