Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
Gəncə, 11 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin birinci sinfə qədəm qoyan övladlarına yeni tədris ilinin başlanması münasibətilə YAP Gəncə şəhər təşkilatı tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunan görüşdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Vətən müharibəsi şəhidlərinin birinci sinfə gedən övladları və onların ailələri iştirak ediblər.
Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin övladlarına göstərilən diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, onlar daim dövlətin qayğısı ilə əhatə olunublar.
Yeni dərs ilinin başlanması münasibətilə birinci sinfə gedən şəhid övladları təbrik edilib, məktəb ləvazimatları verilib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.