GƏNCƏLİLƏR FƏALLIQ NÜMAYİŞ ETDİRDİLƏR
Avqustun 24-də keçirilən ümumxalq səsverməsi Gəncənin də ictimai-siyasi həyatında mühüm tarixi hadisəyə çevrildi. Adamlar səhər tezdən məntəqələrə gələrək təklif olunan dəyişikliklərə öz münasibətlərini bildirməklə ölkəmizdə aparılan demokratik islahatları dəstəklədiklərini nümayiş etdirdilər.
Şəhərdə yaradılmış 3 dairə, 102 seçki məntəqəsində aparılan hazırlıq işləri adamlara öz fikirlərini tam aydın, demokratik şəraitdə ifadə etməyə imkan verdi. Ziyalılar, veteranlar, ilk dəfə səs vermək səlahiyyəti olan gənclər, böyük həvəslə məntəqələrə gəldilər, öz vətəndaşlıq borclarını yerinə yetirdilər.
29 saylı referendum məntəqəsi şəhərin mərkəzində Gəncə Dövlət Universitetinin binasında yerləşirdi. Səs verməyə gələnlər burada əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşırdırlar. Məntəqə seçki komissiyasının üzvləri seçicilərə ehtiramla yanaşır, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün lazımi şərait yaradırdılar. Müxalifət partiyalarının müşahidəçiləri də referendumun gedişindən razılıq edirdilər. AXCP, Vətəndaş Həmrəyliyi, Müsavat, Azərbaycan Kommunist Partiyası nümayəndələrinə referendumu müşahidə etmək üçün hər cür şərait yaradılmışdı.
32 saylı Nizami seçki dairəsinin 27 və 28 saylı məntəqələrində də ümumxalq səsverməsi seçicilərin fəallığı ilə keçmişdir. Məntəqəni əhatə edən ərazinin sakinləri iki bir, üç bir məntəqəyə gələrək, heç bir maneə olmadan sərbəst seçim aparır və Konstitusiyaya təklif edilən dəyişikliklərə öz münasibətini bildirirdilər.
Ümumiyyətlə, avqustun 24-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi hökm sürdü. Bütün referendum məntəqələrində böyük fəallıq hiss olundu. Gəncəlilər Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərə yekdilliklə “Hə” dedilər.