Gənclər üçün növbəti “Vikipediya” təlimləri keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları İctimai Birliyinin və “BZT Academy”nin birgə təşkilatçılığı ilə “Səninlə Vikipediya, daha gözəldir!” layihəsi uğurla davam edir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, 17 gəncin qatıldığı növbəti təlimdə bu onlayn ensiklopediya haqqında ümumi məlumat verilib. Gənclər “Vikipediya”da məqalə yaratmaq, redaktə etmək, şablonlarin tapılması və üzərində işləmək, istifadəçi səhifəsinin yaradılması barədə məlumatlandırılıb, o cümlədən onlara fərdi formada işləmək üçün tapşırıqlar verilib.
Təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının sədr müavini, Vətən müharibəsi qazisi Qədir Quliyev tərəfindən keçirilib. Bu sahədə təcrübəsini iştirakçılarla bölüşən Vikipediya Metodik Klubunun eksperti, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının həmsədri Sübhan Xıdırzadə onlayn ensiklopediya, onun yaranmasi və istifadəsi, həmçinin “Vikipediya”da materialların yaradılması və zənginləşdirilməsi barədə məlumat verib.
Elnur Eltürk gənclər arasında “Vikipediya”ya marağın ildən-ilə daha da artdığını vurğulayıb.