Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov martın 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 26-dan çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük hissəsi gənclər, idman sahəsi ilə bağlı olub. Digər müraciətlər Gənclər evi, Olimpiya İdman kompleksləri, eyni zamanda, idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi, ipoteka krediti, məşğulluq və sair məsələləri əhatə edib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.