Gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri davam edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Cəlilabad və Yevlax rayonlarında çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, tədbirlərə rayonların rəhbərliyi, Xidmətin rayon şöbələrinin şəxsi heyəti, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və valideynlər qatılıblar.
Yevlax rayonunda keçirilən mərasimin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə hərbi sahəyə göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təmin olunmasına, əsgərlərimizin mənəvi-psixoloji hazırlığına, onların döyüş ruhunun yüksəldilməsinə imkan verib.
SHXÇDX-nin Yevlax Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, gənclərə vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulayıb.
Milli Məclisin deputatı İlham Məmmədov çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.
Çağırışçılar adından çıxış edən Osman Mahmudov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarına söz verib.
Cəlilabadda keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib.
SHXÇDX-nin Cəlilabad Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Nəbiyev hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edərək, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışıb.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, əsgər anası Yeganə Nuriyeva çıxışlarında Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıblar.
Konsert proqramı ilə davam edən tədbirlərin sonunda çağırışçı gənclər dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola düşüblər.