“Genetikada yeni çağ: kök hüceyrə” – BDU-da tədbir
Bakı, 4 noyabr, AZƏRTAC
“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Avisenna” klubunun təşəbbüsü ilə kök hüceyrə mütəxəssisi Rəşad Rəsulov tərəfindən “Genetikada yeni çağ: kök hüceyrə” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib.
Tədbirdə doktor Rəşad Rəsulov tələbələrə kök hüceyrə genetikası, pluripotent və mezenximal kök hüceyrələrin tətbiqi metodları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kök hüceyrələr insanın bütün toxumalarında damarların ətrafında yerləşən progenitor hüceyrələrdir. Normal fizioloji proses olan qocalma zamanı orqanizmdəki kök hüceyrələrin sayı azalır və bu səbəbdən bir çox xəstəliklərin yaranması halları müşahidə olunur.
Tədbirdə gələcəkdə kök hüceyrə sahəsində Biologiya fakültəsi ilə birgə təşkil ediləcək ortaq layihələr barədə müzakirələr aparılıb.
Tələbələrin sualları cavablandırılıb.