Gəray Gəraybəyli: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik ideyasının formalaşmasında böyük rol oynayıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli xalqımızın tarixində saysız-hesabsız qəhrəmanlıq nümunələrinin olduğunu diqqətə çatdırıb. Rektor 20 Yanvar qətliamını müasir tariximizin ən qanlı faciələrindən biri olduğunu və Azərbaycan tarixinə qızıl hərflərlə düşdüyünü deyib: “Həmin gecə milliyyətçilik, müstəqillik ideyasının formalaşmasında böyük rol oynayıb. O, qanlı gecə dinc əhaliyə qarşı törədilən vəhşilik Azərbaycan xalqının əzmini qıra bilməyib, əksinə bütün dünyaya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dayağı olduğunu göstərib.
Sonra ictimai fənlər kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov, III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov, I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Pəri Məhərrəmova çıxış edərək həmin gecə baş verən hadisənin dəhşətlərindən danışıblar. Həmçinin tibb işçilərinin Qanlı Yanvar gecəsində cəsarətindən, çətinliklə də olsa canları bahasına yaralılara yardımından söz açılıb.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında ATU 9 şəhid verib.