GİMNASTLARIMIZ MOSKVADA KEÇİRİLƏCƏK AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Qrup hərəkətləri üzrə komandamızın üzvləri Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Tryopina, Səbinə Alxazova və Samirə Əliyeva iyulun 17-24-də Nabranda təlim keçəcəklər. Rusiyalı mütəxəssis İrina Zenovka komandanın 5 lent və 2 halqa/4 gürzlə hərəkətlərinə baxmışdır. O demişdir: “Mən bu kompozisiyalara müəyyən mürəkkəb hərəkətlər əlavə etdim. Zənnimcə, həmin hərəkətlər proqrama həm də zəriflik və artistizm verəcəkdir. Məncə, bu, güclü tərkibi və möhkəm xarakteri olan yaxşı və təcrübəli komandadır. Buna görə də hesab edirəm ki, o, 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarında iştirak etməlidir”.
Yeniyetmə gimnastlar Zeynəb Cavadlı, Zülfiyyə Əliyeva, Leyla Şamilova, Nigar Mirzəyeva və Ceyla Quliyeva avqustun əvvəllərində Gəncədə 10 günlük toplanışda olacaqlar. Məşqlər gənclərdən ibarət yığmanın məşqçisi N.Qasımovanın başçılığı ilə Olimpiya kompleksində keçiriləcəkdir. Məşqçi həm də perspektivli gimnastları seçərək, onlar üçün bir neçə yeni hərəkət hazırlayacaqdır.
Avropa Gimnastika İttifaqında (UEG) sentyabrda keçiriləcək XXII qitə çempionatının püşkatma mərasimi olmuşdur. Onun nəticələrinə əsasən, fərdi proqramla çıxış edən Azərbaycan gimnastları ən güclü B qrupuna düşmüşlər. Yaşlı gimnastlarımız 11 və 19 sıra nömrələri, yeniyetmələr isə 21 sıra nömrəsi ilə çıxış edəcəklər. Qrup komandamız isə xalça üzərinə altıncı çıxacaqlar. Avropa çempionatında 33 ölkənin gimnastları iştirak edəcəklər.