İQTİSADİYYAT
Gömrük əməkdaşları üçün növbəti təlim başlayıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, təlim Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Meltem Ersan Dövlət Gömrük Komitəsi ilə işgüzar əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, təlimdə əldə olunacaq bilik və bacarıqların gömrük-sərhəd buraxılış məntəqələrində risklərin idarə edilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına töhfə verəcəyini bildirib.
Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov son illərdə ölkəmizin turizm potensialının sürətlə artdığını bildirib və qeyd edib ki, bu da gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşların, miqrantların, həmçinin turistlərin keçidinin daha da sürətləndirilməsi, rəsmiləşdirilmə prosesinin daha da sadələşdirilməsi istiqamətində yeni yanaşmaları tələb edir. V.Qurbanov gömrük orqanları tərəfindən bu istiqamətdə atılan addımlar barədə məlumat verib və təlimin ümumi işə faydalarından danışıb.
3 gün davam edəcək təlimdə BMqT-nin eksperti Bartosz Robert Gruszecki iştirakçılara “Risklərin idarə edilməsində və nəzarətində psixologiya”, “Sərnişinlərə nəzarət zamanı seçicilik”, “Yüksək risk qrupuna aid səyahətçilərə yönlənmə”, “Səyahət üçün sadələşdirilmiş gömrük bəyannamələri”, “Səyahətçilərin daşıdığı gömrük nəzarətindən azad olan malların gömrük nəzarəti”, “Müvəqqəti idxal edilmiş nəqliyyat vasitələrinin gömrük nəzarəti”, “Qadağan olunmuş malların gömrük nəzarəti”, “Valyuta və dəyərli metalların gömrük nəzarəti” mövzularında müşahidə və müsahibə texnikaları barədə məlumat verəcək.