CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və dərman preparatları aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonlar və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdikləri “DAF” markalı yük avtomobilləri saxlanılıb. Gömrük yoxlaması zamanı avtomobillərdən birində olan noutbuk çantasının içərisindən 4 ədəd “iPhone” markalı mobil telefon, digər nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən isə 6 ədəd “iPhone” markalı mobil telefon və 3883 kapsul dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.