Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir.
DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününə təsadüf edən mərasimin əhəmiyyətindən danışaraq gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü xüsusi vurğulamışdır. Bildirmişdir ki, müasir dövlətçiliyimizin bütün sahələrində olduğu kimi, Azərbaycan gömrüyünün ən yeni tarixi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. DGK Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra yaradılsa da, o zaman mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməmişdir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmış, komitənin fəaliyyətində ciddi dönüş yaranmışdır.
Gömrük sahəsinin keçdiyi inkişaf yoluna qısa nəzər salan A.Əliyev gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində əldə olunduğunu qeyd etmişdir. Vurğulamışdır ki, ulu öndərin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də əldə rəhbər tutulur. Bu gün Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin gömrüklə bağlı söylədiyi nitqlər, gömrükçülərlə görüşlərini özündə əks etdirən videoçarx göstərilmişdir.
Sonra xidmətə qəbul olunmuş 41 nəfər gömrükçü andı içmişdir.
DGK-nın bir qrup əməkdaşına Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilmişdir.