Görkəmli alim Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyəti oftalmologiyanın inkişafına güclü təsir göstərib
Ağcabədi, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatlar aparıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı ilə birgə keçirdiyi tədbirdə səsləndirilib.
YAP rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Qadınlar Şurasının sədri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Rayon İcra Hakimiyyətinın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva və başqaları çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıblar. Çıxışlarda Zərifə xanımın görkəmli alim, pedaqoq, həm də xalqını, Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğu bildirilib.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş video-slayd nümayiş etdirilib.