ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİMİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Vaxtilə Bozdağın ətəyində Mingəçevir şəhəri salınarkən və Su Elektrik Stansiyası tikilərkən Azərbaycanın təbiətinə və ekologiyasına dəyən zərərin qarşısını almaq üçün akademik Həsən Əliyev əsl vətəndaş qeyrətli, müdrik alim fədakarlığı ilə çalışmış, bir sıra faydalı layihə və təkliflər hazırlayaraq onların həyata keçirilməsinə nail olmuşdur. Görkəmli alimin anadan olmasının 95 illiyi münasibətilə Mingəçevirdə keçirilmiş elmi-nəzəri konfransda bu barədə geniş danışılmışdır.
Tədbirin təşkilat komitəsindən AZƏRTAC-ın bölgə müxbirinə demişlər ki, konfransda şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlının “Azərbaycan təbiətinin əvəzsiz təəssübkeşi”, fəlsəfə elmləri namizədi Saleh İbrahimovun “Torpağa, Vətənə bağlı müdrik insan”, bilologiya elmləri namizədi İldırım Əhmədovun “Akademik Həsən Əliyev və Mingəçevir su bəndinin inşası”, biologiya elmləri namizədi Qumru İbrahimovanın “Akademik Həsən Əliyev və Azərbaycanın ekologiya, təbiət elmi”, filologiya elmləri namizədi Mayıl İsmayılovun “Vətənsevər, təbiətsevər alim”, filologiya elmləri namizədi Rüstəm Kamalın “Akademik Həsən Əliyevin ekoloji etikası” mövzularında məruzələri dinlənilmişdir. Şəhərin ilk qurucuları olan veteran ağsaqqallar gözəl alim, nəcib insan Həsən Əliyevlə bağlı xatirələrini danışmış, görkəmli akademikin Mingəçevirin inkişafı və gözəlləşməsindəki xidmətlərini minnətdarlıqla yada salmışlar.