“GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN HƏYATI” SİLSİLƏSİNDƏN “HEYDƏR ƏLİYEV” KİTABININ İKİNCİ NƏŞRİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı H.Mirələmov AZƏRTAC-ın müxbirinə demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab üzərində iş ulu öndər haqqında ilk kitab çapdan çıxandan sonra da davam etdirilmişdir. Böyük siyasi xadimin çoxşaxəli və nadir həyatı daha dərin tədqiqatlar və ətraflı araşdırma tələb edir.
Müəllif demişdir: “Məhz bu səbəbə görə Viktor Andrianovla kitabı tamamlamaq qərarına gəldik. İkinci nəşrdə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsindəki fəaliyyəti ətraflı işıqlandırılır. H.Əliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti ilə bağlı xatirələr və onun buradakı işinin az məlum olan məqamları da nəşrə daxil edilmişdir. Biz Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü - Bakıya qayıdışdan əvvəlki çox mühüm dövr haqqında məlumatı da genişləndirdik”.
Mirələmov bildirmişdir ki, ikinci kitabda “Heydər Əliyev - qeyri-adi insan, sevən ata və qayğıkeş baba, habelə kimsəsiz uşaqların qayğısına qalan şəxsiyyət” mövzusu xüsusi yer tutur. O, ümidvar olduğunu söyləmişdir ki, dünya miqyaslı böyük dövlət xadimi və siyasət dahisi Heydər Əliyev haqqında kitabın yeni nəşri dünya ədəbiyyatında layiqli yer tutacaq, hər bir azərbaycanlının stolüstü kitabına çevriləcəkdir.
Müəllif onu da vurğulamışdır ki, “GŞH” silsiləsindən ”Heydər Əliyev” kitabının ikinci nəşri sentyabr ayında Moskvada keçiriləcək kitab yarmarkasında nümayiş etdiriləcəkdir.
Səkkiz çap vərəqi əlavə olunan yeni kitab 503 səhifədən ibarətdir və 5 min nüsxə tirajla buraxılmışdır. Ötən ilin mayında çapdan çıxmış ilk kitab isə artıq satılıb qurtarmışdır.