Göyçayda sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli nəzarətə götürülüb
Bakı, 24 fevral, AZƏRTAC
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) sahibkarlarla 62-ci görüşü Göyçay rayonunda keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, "Açıq mikrofon" aksiyasında ilk olaraq Ağsu Rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Zaur Məmmədov çıxış edərək, bu görüşlərin əhəmiyyətindən danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Rahim Məmmədov "Azəriqaz" İB ilə birgə keçirilən bu cür layihələrin davamlı olacağına ümid etdiyini bildirib.
Sonra sahibkarların problemləri dinlənilib. "AzNar" QSC-nin nümayəndəsi ödəniş hesabının araşdırılmasını istəyib. "Çinar" MMC və "Az-Qranata" MMC-nin şirə və şərab emalı zavodunun nümayəndələri debitor borcun araşdırılmasını xahiş ediblər. Famil Həşimov isə Göyçay rayonunda fəaliyyət göstərən süd zavodunun sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.
Sahibkarlarla yanaşı, sakinlərə də müraciətlərini ünvanlamaq üçün şərait yaradılıb. Aksiya zamanı ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi və nəzarətə götürüləcəyi qeyd olunub.