Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd edilmişdir
Göyçay, 16 noyabr (AZƏRTAC). Göyçay rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.
Toplantıda partiyanın Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov çıxış edərək bildirmişdir ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb axarda cərəyan etdiyi gərgin bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilmişdir.
Qeyd olunmuşdur ki, tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi-iqtisadi, sosial-mənəvi böhrandan xilas olmuş və inkişaf yoluna qədəm qoymuşdur. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. YAP Göyçay rayon təşkilatının sıralarında ilk vaxtlar 540 nəfər partiya üzvü vardısa, indi 88 ilk partiya təşkilatında 7493 nəfər siyasi həmfikir birləşir. Onlardan 4296 nəfərini qadınlar, 2899 nəfərini isə 35 yaşadək gənclər təşkil edir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mühüm rolundan, ölkəmizin sosial-iqtisadi inkişafından, Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm sosial layihələrdən söz açmış, ümumi inkişaf naminə hər bir partiya üzvünə uğurlar arzulamışdır. Bildirilmişdir ki, YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyasını yaşadır və bunun nəticəsində müasir, yeni Azərbaycan yaranır. Ötən ay keçirilən Prezident seçkilərinə YAP-ın namizədi İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsi xalqımızın qələbəsidir. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında hər bir partiya üzvü yeni qələbələrə imza atacaqdır.
Sonra YAP rayon təşkilatının fəal üzvləri çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışmışlar.