Göygöl rayonunun Toğana kəndində qazlaşma işləri tamamlanmaq üzrədir
Bakı, 28 avqust, AZƏRTAC
Cari ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Toğana kəndidir. Bu kənddə bir neçə aydır ki, işlərə start verilib.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, planlaşdırılan işlərin böyük hissəsi icra edilib. 388 fərdi yaşayış evinə qaz çəkilişi aparılır ki, bunlardan da artıq 345-də sayğacların quraşdırılması başa çatdırılıb. Ümumi uzunluğu 21 min 200 metr olan küçə qaz xətlərinin çəkilməsi işləri tamamlanıb. Uzunluğu 9700 metr olan daxili qaz xətlərinin isə 8625 metri çəkilib. Bundan başqa 1 ədəd “ŞQTM-700” markalı tənzimləyici quraşdırılıb. Bununla da Göygöl rayonunda qazlaşma səviyyəsi 94,6 faizə yüksələcəkdir.
Bu zonanın yay və qış turizmi üçün əhəmiyyətini nəzərə alaraq “Azəriqaz” İB qazlaşma işlərinin tez bir zamanda yekunlaşdırılmasını və tezliklə qaz təchizatının təmin edilməsini planlaşdırır.
Qeyd edək ki, cari ildə dövlət sifarişi ilə regionlarda 380, Bakı şəhərində 2750, vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma xətti ilə regionlarda 14 min 200, Bakı şəhərində 6400 fərdi ev qazlaşdırılıb. Qarşıdan gələn mövsümdə dövlət sifarişi ilə regionlarda 8300-ə yaxın, Bakı şəhərində 5900-ə yaxın fərdi evin qazlaşdırılması nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə ərazisində vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma işləri də davam etdirilir.