MƏDƏNİYYƏT
Günəş Abbas: Azərbaycanı təbliğ etmək bizim üçün vətəndaşlıq borcudur
![Günəş Abbas: Azərbaycanı təbliğ etmək bizim üçün vətəndaşlıq borcudur](/files/2022/2/1200x630/16572675581524045824_1200x630.jpg)
Ankara, 8 iyul, AZƏRTAC
Azərbaycanı ləyaqətlə təbliğ və təmsil etmək bizim üçün həm vətəndaşlıq borcudur, həm də vicdanımızın səsidir. İyirmi iki ildir ki, Türkiyədə yaşayıram. Ötən dövrdə sənətimizin gücü ilə hər bir fürsətdə Azərbaycanın təbliğatına çalışmışıq.
Bu fikirləri qardaş Türkiyədə yaşayan və çalışan rəssam həmyerlimiz, Ankarada fəaliyyət göstərən “Saküder” Sənət və Sənətçilər Dərnəyinin beynəlxalq əlaqələr üzrə koordinatoru Günəş Abbas AZƏRTAC-a müsahibəsində ifadə edib.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, bu işğal nəticəsində xalqımıza və ölkəmizə vurulan maddi-mənəvi zərərə görə təcavüzkar tərəfi lənətləyən həmyerlimiz 44 günlük Vətən savaşının nəticələrinə görə qürur keçirdiyini, şəhid ruhu qarşısında baş əydiyini, qazilərimizə Allahdan şəfa dilədiyini ifadə edərək deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə bütün sənət adamları kimi rəssamlarımız üçün də iftixar qaynağıdır.
Xatırladaq ki, Günəş Abbas Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovun qızıdır. Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Dərnəyi 95 yaşını qarşılamağa hazırlaşan rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara