GÜRCÜ ŞAİRİNİN AZƏRBAYCAN DİLİNDƏ İLK KİTABI
Şairin iş otağında yeganə portret Molla Pənah Vaqifin portretidir. Bu çoxlarını təəccübləndirmişdir. Şair-jurnalist Avtandil Sakadze AZƏRTAC-ın müxbiri ilə söhbətində bunu belə izah etmişdir: “Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqına, onun mədəniyyətinə, ədəbiyyatına məndə böyük məhəbbəti məhz Molla Pənah Vaqifin əsərləri oyatmışdır”.
Bu günlərdə Avtandil Sakadzenin “Mənim adətim” adlı kitabı Azərbaycan dilində işıq üzü görmüşdür. Kitabı Azərbaycan dilinə istedadlı jurnalist-tərcüməçi Nəsib Nəsibov çevirmiş, Süleyman Əfəndi isə ona redaktorluq etmişdir. Diqqətəlayiq haldır ki, tərcüməçi gürcü ədəbi dilinin xüsusiyyətlərini maksimum saxlamağa çalışmış və buna nail olmuşdur. Kitabdakı şer və hekayələrin tərcüməsi orijinala yaxın olmaqla yanaşı, həm də öz səlisliyi ilə nəzəri cəlb edir. Şübhəsiz, şairin azərbaycancaya tərcümə olunmuş bu ilk kitabı azərbaycanlı oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.