Gürcüstan mətbuatı ermənilərin Qarabağdakı təxribatlarından yazır
Tbilisi, 14 dekabr, AZƏRTAC
Gürcüstanın aparıcı report.ge, 24news.ge, interpress.ge, aktual.ge informasiya portalları, “maestro” televiziya və radiosu, 1tv.ge televiziyası və portalı ermənilərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozması ilə müşayiət olunan təxribatlarından yazıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatına istinadla yayılan xəbərlər oxucuların diqqətinə Azərbaycan, rus, gürcü və rus dillərində çatdırılıb.
Bildirilir ki, Qarabağda atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə qalan bəzi erməni silahlı birləşmələri ərazini tərk etməyib, əksinə döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməlləri törədiblər.
Qeyd olunan faktlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Bütün bunlara görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərində qaldığı qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi