DÜNYA
Gürcüstan XİN Cenevrə beynəlxalq danışıqlarının 62-ci raundu ilə bağlı bəyanat yayıb
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Cenevrə beynəlxalq danışıqlarının 62-ci raundu ilə bağlı bəyanat yayıb.
AZƏRTAC-ın xəbərinə görə, bəyanatda deyilir ki, danışıqlar Gürcüstanın, Rusiya Federasiyasının və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Avropa İttifaqı, BMT və ATƏT-in həmsədrliyi ilə keçirilir.
Noyabrın 5-6-da Cenevrədə keçirilən raundda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya başçılıq edib.
Raundda həmçinin Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili və keçmiş Cənubi Osetiya ərazisində müvəqqəti inzibati-ərazi qurumunun rəhbəri Tamaz Bestaev, habelə işğalçı rejimin nümayəndələri iştirak ediblər.
Görüşdə Gürcüstan nümayəndə heyəti Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci il 12 avqust tarixli atəşkəs sazişinin Rusiya tərəfindən yerinə yetirilməsinin zəruriliyinə, həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün və qaçqınların geri qaytarılması məsələsinə diqqət yetirib.
Danışıqlarda Gürcüstan nümayəndə heyəti işğal olunmuş rayonlarda təhlükəsizlik, humanitar və insan haqları ilə bağlı ağır vəziyyətə, işğalçı rejimlərin destruktiv əməllərinə də diqqət yetirib.
“Təəssüf ki, işğal rejiminin nümayəndələri məcburi köçkünlərin və qaçqınların işğal olunmuş ərazilərdən öz evlərinə qayıtması ilə bağlı əsas məsələnin müzakirəsi başlanandan dərhal sonra danışıqlar masasını tərk ediblər”, – deyə bəyanatda vurğulanır.
Cenevrə beynəlxalq danışıqları Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması əsasında yaradılıb və əsas müzakirə mövzuları atəşkəs şərtlərinə əməl olunması, məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtması, təhlükəsizlik və humanitar problemlər daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi