Gürcüstanda ictimai rəyi çaşdıra biləcək məqamların arxasında dayanan maraqlar - RƏY
Bakı, 16 oktyabr, AZƏRTAC
Gürcüstanda aktiv fəaliyyət göstərən 2500-dən çox qeyri-hökumət təşkilatı var və onların 90 faizi məhz xaricdən maliyyələşir. Bu təşkilatların fəaliyyətində şəffaflığa nəzarət etmək məqsədilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul olunsa da, QHT-lər və ictimai fəallar ona qarşı çıxırlar. Vətəndaş cəmiyyəti bundan niyə qorxmalıdır? Axı vətəndaş cəmiyyətinin əsas dəyərlərindən biri elə şəffaflıqdır”.
Bu sözləri Gürcüstanda qeyri-hökumət təşkilatları ilə bağlı qəbul olunan qanunun ölkədəki siyasi proseslərə təsiri ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf səsləndirib.
Onun sözlərinə görə, Gürcüstanda QHT-lərin bu qanuna qarşı çıxmasının, onu istəməməsinin arxasında başqa məqamlar dayanır. Bu hal birdən-birə baş verməyib. Gürcüstanın təhlükəsizlik orqanları birbaşa müşahidə ediblər ki, ölkədə başqa adlar altında ideoloji dəyişikliyə xidmət edəcək, hökumətin özündə belə qarışıqlıq yaratmağa yönələn layihələr icra olunub. Bu layihələr tamam başqa məzmuna aid olub, lakin hesabatda başqa cür göstərilib. Layihədə dövlət çevrilişi, polisə qarşı mübarizə üsulları haqqında məlumat verilib. Bir sözlə, ölkəni qarışdıra biləcək bütün məqamlara toxunulub. Bu, artıq diqqət çəkməyə bilməz.
Şəffaflığın pozulması hallarına Qərbin münasibətini şərh edən ictimai fəal düşünür ki, ikili standartlar burada da özünü göstərir. Belə ki, qanun Qərb və Qərb mediası tərəfindən “avtoritarların demokratların üzərinə yürüşü” kimi qəbul olunur. Bəs görəsən bu qanun beynəlxalq ictimaiyyətə niyə məhz bu cür təqdim olunur? Bunun özü də sual doğurur. Avropa İttifaqı tərəfindən hədələr gəlir, ABŞ-dan Aİ ilə danışıqlara zərbə vuracaq birbaşa təzyiqlər göstərilir. Mövzunun mahiyyəti kontekstdən çıxarılır. Bu, həm də Gürcüstanın özündə ictimai rəyin çaşdırılmasına xidmət edir”.
İctimai fəal bildirib ki, oxşar qanunun illər əvvəl Qərbdə, Amerikanın özündə qəbul olunduğu üçün indiki vəziyyətdə buna qarşı çıxmaq paradoksdur. “Buna bənzər qanunlar digər ölkələrdə qəbul edildikdə, yaxud buna təşəbbüs göstərildikdə ABŞ tərəfindən etirazla qarşılanır. Maraqlı məqamdır ki, Qərb institutları bunu “rus qanunu” adlandırırlar. Qərb və Qərb institutlarının belə halları beynəlxalq ictimaiyyətə başqa ad altında çatdırması özü ayrıca sual doğuran mövzudur”, - deyə N.Xələf əlavə edib.
Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin, xalqlararası əlaqələrin hər zaman yüksək səviyyədə olduğuna diqqət çəkən ictimai fəal bildirib: “Qeyri-hökumət təşkilatları münasibətlərimizin inkişafı istiqamətində hər zaman sıx fəaliyyət göstəriblər. Bizim əsas istəyimiz dövlətçilik maraqları ilə uzlaşan Azərbaycanın strategiyasına uyğun məsələlərə yönəlməkdir. Azərbaycanın xarici siyasi mövqeyi çox böyük nümunədir və bu siyasi xətti həyata keçirə biləcək ölkələr çox böyük uğur qazana bilərlər”.