GÜRCÜSTANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZURAB QUMBERİDZENİN ÇIXIŞI
Xanımlar və cənablar!
Bir il bundan əvvəlki görüşdə iştirak edərkən mənə də çətin görünürdü ki, təhsil sahəsində belə irimiqyaslı layihə qısa müddətdə necə həyata keçirilə bilər. Biz çox şadıq və görürük ki, düşündüyümüzdən də artıq iş görmək olarmış. Mən çox şadam ki, belə şərəfli bir layihə sizin rəhbərlik etdiyiniz Fond tərəfindən uğurla həyata keçirilir, ikinci mərhələyə daha nikbinliklə başlayırsınız. Sizə və bu layiqli işlərdə sizə köməkçi olanların hamısına öz həmkarlarım adından təşəkkür edirəm. Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun Azərbaycanın inkişafı naminə gördüyü işlərdəki uğurlarına sevinirik. Biz Fondla əməkdaşlığa, sizin elan etdiyiniz xeyirxah məramlı hər bir çağırışa səs verməyə, onu dəstəkləməyə hər zaman hazırıq.
MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Fond hər zaman əməkdaşlığa hazır olan bir təşkilatdır. Biz bəyan etmişik ki, dövlət qurumu və ya qeyri-dövlət qurumu, yaxud diplomatik korpus tərəfindən olsun - biz hər cür əməkdaşlığa hazırıq.
Hazırda Heydər Əliyev Fondu tərəfindən proqram hazırlayırıq ki, ölkə xaricində - Rusiyada, Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər üçün də ilk mərhələdə belə məktəblər tikilsin. Bu da böyük, geniş bir proqramın ilk mərhələsidir. Gələcək görüşlərdə yəqin ki, bu haqda ətraflı danışacağıq. Təkliflərinizə görə təşəkkür edirik.
Əziz dostlar! Mən sonda inşaatçılara, layihə institutunun əməkdaşlarına, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz təşəkkürümü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim birgə səyimizlə bu layihə həyata keçirildi. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin birinci mərhələsi Heydər Əliyev Fondunun cəmiyyətdə mövqeyini nümayiş etdirdi, ən əsası odur ki, böyük inam yaratdı. İradə olan, istək olan yerdə çox problemlər öz həllini tapır, çox işlər görülür. Ona görə mən inanıram ki, ikinci mərhələ də çox uğurla başa çatacaqdır. Bu istiqamətdə biz işlərimizi davam etdirəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq. Çox sağ olun!
X X X
Sonra monitorda ötən il inşa edilən məktəblərin köhnə və yeni binaları, habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırkı vəziyyəti nümayiş etdirildi, yeni layihələrə baxış oldu.
“Dəyirmi masa” iştirakçıları Fondun mədəniyyət, təhsil layihələri, kitablar, dərslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular.