HACIQABUL RAYON SAKİNİNDƏN 1 KİLOQRAM HƏŞİŞ GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini Zöhrə Məmmədovadan 1 kiloqram həşiş götürülmüşdür.
Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Cavahir Ağayeva 29,343 qram heroini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə ötürmək istəyərkən tutulmuşdur.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci bölməsinin əməkdaşları Qobustan qəsəbəsinin sakini Emil Hüseynova məxsus “VAZ-2106” markalı avtomaşına baxış zamanı 71,25 qram marixuana aşkarlamışlar.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Etibar Eyvazovdan 0,2 qram, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Akif Məmmədovdan 1,088 qram, Azad Vəliyevdən 0,218 qram heroin, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Ceyhun Zamanovdan 12,6 qram xaşxaş müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsində regional şöbəsinin və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş, çəkisi 2 ton 529 kiloqram olan 4146 ədəd, Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Kəpənəkçi kəndindən çəkisi 3200 kiloqram olan 7650 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.